1. Ümumi müddəalar
1.1. Bu zəmanət şinin istehsal, material və konstruksiya qüsurlarına şamil olunur.
1.2. Zəmanət şinin təyinatına, texniki göstəricilərinə və avtomobil istehsalçısının tələblərinə uyğun normal istifadəsi şərtilə qüvvədədir.
1.3. Bu kommersiya zəmanəti istehlakçının Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn hüquqlarını məhdudlaşdırmır. Zəmanət şərtləri ilə qanunvericilik arasında ziddiyyət olduqda qanunvericiliyin tələbləri tətbiq edilir.
2. Zəmanət müddəti
2.1. Standart zəmanət müddəti 24 ay təşkil edir.
2.2. Zəmanət müddəti:
• şin dərhal təhvil verildikdə satış sənədində göstərilən tarixdən;
• şin daha sonra təhvil verildikdə təhvil-təslim tarixindən;
• quraşdırılma Avtotəkər tərəfindən daha sonra həyata keçirildikdə quraşdırılmanı təsdiq edən sənəddəki tarixdən hesablanır.
2.3. Başlanma tarixi satış qəbzi, elektron qaimə, zəmanət sənədi və ya quraşdırılma aktı ilə təsdiq edilir.
2.4. Zəmanət müddəti Satıcı və ya rəsmi diler tərəfindən yazılı və ya elektron təsdiq əsasında uzadıla bilər.
2.5. Zəmanət yalnız ilkin alıcıya və zəmanət sənədində qeyd edilən avtomobilə şamil olunur. Başqa şəxsə və ya avtomobilə ötürülmə yalnız Satıcının yazılı təsdiqi ilə mümkündür. Bu məhdudiyyət qanunvericiliklə qorunan hüquqlara təsir etmir.
3. Tələb olunan sənədlər
Zəmanət müraciəti zamanı mümkün olduqda aşağıdakılar təqdim edilməlidir:
• satış qəbzi, elektron qaimə və ya ödəniş sənədi;
• zəmanət sənədi və ya elektron zəmanət qeydiyyatı;
• avtomobilin qeydiyyat nişanı və şinin quraşdırıldığı avtomobil;
• cari yürüş göstəricisi;
• dövri inspeksiya və servis qeydləri.
Satış məlumatları Avtotəkərin elektron sistemində təsdiqlənirsə, kağız sənədin olmaması müraciətin avtomatik rədd edilməsi üçün əsas sayılmır.
4. Dövri texniki inspeksiya
4.1. Şinlər hər 8 000-12 000 kilometrdən bir və ya ən gec 6 aydan bir, bunlardan hansı daha əvvəl baş verərsə, Avtotəkərin və ya onun təsdiqlədiyi servis-partnyorun mərkəzində yoxlanılmalıdır.
4.2. İnspeksiya zamanı şinlərin ümumi vəziyyəti, protektor aşınması, hava təzyiqi və balans yoxlanılır; zərurət olduqda balanslaşdırma və şinlərin yerdəyişməsi aparılır. Disk, asqı və təkər bucaqları ilə bağlı görünən problemlər qeyd edilir.
4.3. Nəticələr zəmanət sənədində və ya elektron sistemdə qeydə alınır.
4.4. İnspeksiyanın buraxılması zəmanətin avtomatik tam ləğvi demək deyil. Lakin qüsurun yaranması və ya ağırlaşması inspeksiyanın keçirilməməsi, yanlış balans, təzyiq, təkər bucaqları və ya yerdəyişmə tələblərinə əməl edilməməsi ilə əlaqəlidirsə, müraciət təmin edilməyə bilər.
4.5. Başqa servis mərkəzində görülmüş işlər ödəniş sənədi, servis aktı və ölçmə nəticələri ilə təsdiqləndikdə nəzərə alına bilər.
5. Müraciətin qəbulu və yoxlanılması
5.1. Müştəri qüsuru aşkar etdikdə şindən istifadəni təhlükəsiz şəkildə dayandırmalı və mümkün qədər tez Satıcıya müraciət etməlidir.
5.2. Müraciət zamanı tarix, müştəri və avtomobil məlumatları, şinin marka, model, ölçü və DOT məlumatları, protektor dərinliyi, avtomobilin yürüşü, şikayət və fotoşəkillər qeydə alınır.
5.3. İlkin texniki baxış müraciət qəbul edilərkən və ya mümkün olan ən qısa müddətdə həyata keçirilir.
5.4. Əlavə ekspertiza tələb olunduqda müştəriyə məlumat verilir. Keyfiyyət yoxlaması qanunvericilikdə nəzərdə tutulan müddətlər daxilində, zərurət olduqda tələb tarixindən etibarən 14 günədək tamamlanır.
5.5. Ekspertiza nəticəsi aktla rəsmiləşdirilir və müştəriyə yazılı və ya elektron formada təqdim olunur.
5.6. Qüsurun səbəbi müəyyən edilənədək şin üzərində əlavə təmir, kəsim və ya konstruktiv müdaxilə edilməməlidir.
6. Zəmanətə daxil olan hallar
İstehsal, material, daşınma və ya Satıcı tərəfindən təhvilədək saxlanma mənşəli olduğu inspeksiya ilə təsdiqlənən hallar:
• karkas, kəmər və ya daxili konstruksiya qüsurları;
• istehsal mənşəli qat ayrılması;
• istehsal mənşəli yan divar və ya protektor deformasiyası;
• istehsal prosesindən yaranan çat, əyrilik və digər konstruktiv qüsurlar;
• protektorun və ya konstruksiya hissəsinin istehsal qüsuru səbəbindən ayrılması;
• texniki cəhətdən saz disk üzərində normal balanslaşdırmanın mümkün olmaması;
• şinin konstruksiyasından qaynaqlanan davamlı disbalans;
• düzgün balanslaşdırmadan sonra istehsal qüsuru səbəbindən problemin təkrarlanması;
• Satıcının daşınması və ya təhvilədək saxlanması zamanı yaranmış zədə və deformasiya.
Balans problemi qiymətləndirilərkən disk, stupitsa, asqı, təkər bucaqları və avtomobilin digər komponentləri ayrıca yoxlanılır. Qüsurun istifadə zamanı aşkar edilməsi onun avtomatik istehsal qüsuru sayılması demək deyil.
7. Zəmanət həlləri
Qüsur təsdiqləndikdə onun xarakterindən və qanunvericilikdən asılı olaraq aşağıdakılardan biri tətbiq olunur:
• ödənişsiz yenidən balanslaşdırma;
• mümkün və təhlükəsiz olduqda qüsurun aradan qaldırılması;
• eyni və ya ekvivalent yeni şinlə dəyişdirmə;
• alış qiymətinin tam və ya qismən geri qaytarılması;
• yeni şinin alınması üçün hesablanan kompensasiya;
• qanunvericiliklə nəzərdə tutulan digər tələb.
Həll üsulu qüsurun xüsusiyyəti, təhlükəsizlik, istifadə müddəti, aşınma və müştərinin qanuni hüquqları nəzərə alınmaqla müəyyən edilir.
8. Tam dəyişdirilmə
8.1. Qüsur istifadədən və nəzərəçarpan aşınmadan əvvəl aşkar edildikdə, şin minimal istifadə olunduqda, istehsal qüsuru təhlükəsiz istifadəyə imkan vermədikdə və ya qanunvericilik tələb etdikdə şin tam dəyişdirilə və ya faktiki ödənilmiş məbləğ geri qaytarıla bilər.
8.2. Eyni model olmadıqda ekvivalent məhsul təklif edilə, razılıqla qiymət fərqi hesablanaraq başqa məhsul verilə və ya qanunvericiliyə uyğun məbləğ geri qaytarıla bilər.
9. Qismən kompensasiya
9.1. İstifadə edilmiş şində istehsal qüsuru təsdiqlənərsə, kompensasiya faktiki istifadə və aşınma nəzərə alınmaqla hesablanır.
9.2. Hesablamanın əsası müştərinin şin üçün faktiki ödədiyi məbləğdir. Ayrı ödənilən çatdırılma, quraşdırma, kredit və bank komissiyası məhsul qiymətinə daxil edilmir.
Vaxt üzrə qalıq dəyər: Faktiki ödənilmiş qiymət × (1 - istifadə edilən tam ayların sayı / 24). Hər tam ay üçün dəyər 4,16% azalır. Natamam ay tam ay sayılmır və nəticə mənfi ola bilməz.
Protektor üzrə qalıq faiz: (Faktiki protektor dərinliyi - texniki minimum) / (Yeni protektor dərinliyi - texniki minimum).
Protektor üzrə qalıq dəyər: Faktiki ödənilmiş qiymət × protektor üzrə qalıq faiz.
9.3. Vaxt və protektor hesablamalarının hər ikisi tətbiq olunduqda faktiki istifadəni daha düzgün əks etdirən aşağı məbləğ yekun kompensasiya kimi götürülür.
9.4. Hesablama müştəriyə yazılı təqdim edilir və ödənilmiş qiymət, istifadə müddəti, başlanğıc və qalıq protektor dərinliyi, tətbiq olunan faiz və yekun məbləğ göstərilir.
10. Yürüş və UTQG
10.1. UTQG/Treadwear şinin nisbi aşınma göstəricisidir və təkbaşına konkret kilometr zəmanəti yaratmır.
10.2. UTQG göstəricisini sabit əmsala vurmaqla avtomatik kilometr zəmanəti hesablanmır.
10.3. Yürüş zəmanəti yalnız istehsalçının rəsmi yürüş zəmanəti, Avtotəkərin model üzrə təsdiqlədiyi limit və ya xüsusi kampaniya limiti zəmanət sənədində ayrıca göstərildikdə tətbiq edilir.
10.4. Ayrı yürüş limiti yoxdursa, kompensasiya istifadə müddəti və protektorun qalıq dərinliyi əsasında hesablanır.
10.5. LT, C, TBR və UTQG-si olmayan şinlər üçün PR, yük indeksi, təyinat, istifadə müddəti və qalıq protektor dərinliyi nəzərə alınır.
11. Normal istifadə şərtləri
• avtomobil istehsalçısının təsdiq etdiyi şin ölçüsü;
• uyğun yük və sürət indeksi;
• istehsalçının müəyyən etdiyi hava təzyiqi;
• yük və sürət limitlərinə riayət;
• mövsümə, yol tipinə və şinin təyinatına uyğun istifadə;
• vaxtında balanslaşdırma və yerdəyişmə;
• saz disk, asqı, sükan sistemi və təkər bucaqları;
• düzgün quraşdırma, sökülmə və təmir;
• TPMS və digər xəbərdarlıqlara vaxtında reaksiya.
12. Zəmanətə daxil olmayan hallar
İstehsal qüsurundan qaynaqlanmadıqda aşağıdakılar zəmanətə daxil deyil:
• çuxur, bordür, daş, şüşə, metal və digər xarici obyektlərin təsiri;
• deşilmə, kəsik, cırılma, zərbə izi və yan divar şişi;
• yol-nəqliyyat hadisəsi, yanğın, kimyəvi təsir və vandalizm;
• aşağı və ya yüksək hava təzyiqi, havasız hərəkət, artıq yük, sürət həddinin aşılması və qızma;
• əyri, çatlamış və ya uyğun olmayan disk;
• asqı, sükan, təkər bucaqları, əyləc, stupitsa və podşipnik nasazlığı;
• təsdiqlənməyən ölçü, uyğun olmayan yük/sürət indeksi və yanlış şin kombinasiyası;
• düzgün olmayan montaj, demontaj, bort zədəsi, təmir, kəsim və konstruktiv müdaxilə;
• normal aşınma, təbii köhnəlmə və protektorun minimum həddə çatması;
• istehsal qüsuru ilə əlaqəsi olmayan səs, vibrasiya, komfort şikayəti və kosmetik dəyişiklik;
• şossə şininin yolsuzluqda istifadəsi, yarış, drift və təyinata uyğun olmayan ağır şərait.
Yan divar şişi və səs/vibrasiya şikayəti inspeksiya ilə istehsal qüsuruna bağlandıqda zəmanət üzrə qiymətləndirilə bilər. Yalnız yolun beton olması avtomatik imtina əsası deyil; zədə ilə istifadə şəraiti arasında səbəb əlaqəsi müəyyən edilməlidir.
13. Saxlanma və "şin oteli"
13.1. Müştəriyə təhvilədək Satıcının anbarında və ya təşkil etdiyi daşınmada yaranmış qüsurlar zəmanət çərçivəsində qiymətləndirilir.
13.2. Müştəri və ya üçüncü şəxs tərəfindən düzgün saxlanılmama nəticəsində yaranmış deformasiya zəmanətə daxil deyil.
13.3. Avtotəkərin rəsmi "şin oteli" xidmətində saxlanma qaydalarının pozulması nəticəsində yaranmış qüsurlara görə məsuliyyət xidmət müqaviləsinə və qanunvericiliyə uyğun müəyyən edilir.
14. Dəyişdirilən və təmir edilən şin
14.1. Yeni şinlə dəyişdirilən məhsula dəyişdirmə tarixindən yeni 24 aylıq müddət və ya ilkin zəmanətin qalan müddətindən müştəri üçün daha əlverişli olan tətbiq edilir, qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa.
14.2. Təmir edilən şinin zəmanəti ilkin zəmanət müddətinin qalan hissəsində davam edir.
14.3. Zəmanət çərçivəsində balanslaşdırma yeni 24 aylıq zəmanət yaratmır.
15. Təhlükəsizlik
Yan divarda şiş, kordun görünməsi, dərin kəsik və ya çat, protektor/karkas ayrılması, sürətli hava itkisi, güclü vibrasiya və ya idarəetmənin təhlükəli dəyişməsi olduqda istifadə dərhal dayandırılmalıdır. İstifadənin davam etdirilməsi zədəni ağırlaşdıra və zəmanət qiymətləndirilməsinə təsir edə bilər.
16. Yekun müddəalar
16.1. Hər müraciət ayrıca texniki inspeksiya əsasında qiymətləndirilir.
16.2. İmtina qərarı səbəbləri və texniki əsasları göstərilməklə yazılı və ya elektron təqdim edilir.
16.3. Müştəri qərarla razılaşmadıqda müstəqil ekspertiza tələb edə və qanunvericiliyə uyğun səlahiyyətli dövlət orqanına və ya məhkəməyə müraciət edə bilər.
16.4. Hər hansı bəndin etibarsız sayılması digər bəndlərin qüvvəsinə təsir etmir.
16.5. Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tətbiq edilir.
Qeyd: Şinlər hər 8 000–12 000 kilometrdən bir və ya ən gec 6 aydan bir, bunlardan hansı daha əvvəl baş verərsə, servis yoxlamasından keçirilməlidir. Yoxlama zamanı şinlərin yerdəyişməsi və balanslaşdırılması həyata keçirilir.